BƏLLİ DƏSTƏK

Ötən ilin sonunda manatın devalvasiyası bir tərəfdən, Azərbaycan iqtisadiyyatının bütün sahələrinə və işgüzar həyatına mənfi təsir göstərsə də, digər tərəfdən, çoxsaylı əlverişli dəyişiklik və mənfəətli perspektivlərə səbəb oldu. Özəl sahibkarlığın inkişafı sferasında təşəbbüslərin sayı hərfən günbəgün artmağa başladı. Demək olar ki, bütün yoxlama orqanları sahibkarlıq subyektlərinin hər hansı "əlavə" yoxlamalarının keçirilməsi ilə bağlı mehribanlıqla moratorium elan etdilər; dövlət tərəfindən biznesin dəstəklənməsinə dair yeni proqram və təkliflər verildi. Bütün bunlara əlavə olaraq, "Sahibkarlıq Günü" təsis edildi. 

Ölkə rəhbərliyi tərəfindən güclənmiş diqqətdən ilhamlanan iş adamları işgüzar mühitin yaxşılaşdırılması ilə bağlı bəzən kifayət qədər mübahisəli olsa da, öz təkliflərini fəal şəkildə irəli sürməyə başladılar... 

 

"Tik. İdarə et. Təhvil ver"

Yeni təşəbbüslər, əsasən, irihəcmli layihələrin yerinə yetirilməsi və ixracyönümlü məhsulların buraxılışının öhdəsindən gələ biləcək iri biznes subyektlərinin inkişafına təkan verməyə istiqamətləndirilib. Məhz bu sahədə bu gün etiraf edilməlidir - Azərbaycanda xeyli boşluq hiss olunur - kifayət qədər boş qalmış sahələr var ikən, sahibkarlar istehsalat zəncirinin bütün halqalarının cəmləşə biləcəyi müəssisənin yaradılmasına xüsusi fəallıq göstəmirlər. Bir-iki müvəffəqiyyətli nümunə var; məsələn, qida məhsullarının buraxılması sahəsində - bir holdinq xammal yetişdirdiyi fermer təsərrüfatına da malikdir, onların emal edildiyi müəssisələrə də, hazır məhsulun satıldığı pərakəndə ticarət obyektlərinə də. 

Dünya praktikasında isə biznes-prosesin təşkilinin bu forması son dərəcə yayılıb, çünki çoxlu üstünlüklərə malikdir və öz səmərəliliyini sübut edib. Ona görə də bu günlərdə dövlət səviyyəsində irəli sürülmüş invetisiya layihələrində ölkədə tikinti sahəsində "Tik. İdarə et. Təhvil ver" (TİT) (Boot-Operate-Transfer, VOT) modelinin tətbiqinə dair təşəbbüsü daha uğurlu nümunələrdən biri hesab etmək olar. Belə ki, Prezident İlham Əliyevin "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanununun tətbiqi ilə bağlı göstərişi TİT modeli çərçivəsində investisiya xərcləri investor tərəfindən onun istehsal etdiyi malların istehlakçılar və ya səlahiyyətli orqan tərəfindən satınalma yolu ilə ödəyəcək. Lakin bu cür ödəniş formasının tam və ya qismən ödənilməsi mümkün olmadığı hallarda, investora maddi yardım göstəriləcək. Oxşar modelə uyğun maliyyələşmədə körpülər, su anbarları, sutəmizləmə qurğuları, kanalizasiya sistemləri, tədris institutları və digər iri starteji obyektlərin tikintisi nəzərdə tutulur. 

Yeri gəlmişkən, TİT modeli çərçivəsində bağlanmış müqavilələrin müddəti 49 ili ötə bilməz. Göründüyü kimi, bu model əsasında sahibkarlar mümkün itkilər üçün, bir növ, zəmanət alır. Bu, qeyd edilən irimiqyaslı layihələrin iri investisiya yatırımları tələb etməsi baxımından, olduqca vacibdir. Real investorların mühüm tikinti layihələrinin reallaşdırılmasına ürəklə başlamaları üçün risklərin ideyaya görə minimallaşdırılması güclü təkan olmalıdır. Amma bu model, çox güman ki, bu gün Azərbaycanda investisiyaların təşviqi üçün yaradılan tamamilə yeni mühitin çərçivəsindəki, sadəcə, bir ştrixdir. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, dövlət başçısının fərmanları sayəsində Azərbaycanın, demək olar ki, bütün ərazisi investisiya üçün əlverişli olub. Yeniliklər çərçivəsində Azərbaycanda sahibkarlara investisiya təşviqinə dair sənəd təqdim olunacaq. 

Bu sənədi almış fərdi sahibkar həmin sənədi aldığı andan əldə etdiyi gəlirin və hüquqi şəxsin həmin sənədi aldığı andan əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə vergidən azad edilir. İlk növbədə, güzəştlər hüquqi şəxslər və fərdi sahibkar tərəfindən texnoloji avadanlıqların və qurğuların idxalına şamil ediləcək. Yeddi il müddətinə onların idxalı gömrük rüsumları və ƏDV-dən azad olunacaq. "İnvestisiya təşviqi sənədi"ni almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı andan, müvafiq əmlakına və torpağına görə, 7 il müddətinə vergi ödəməkdən azad olunacaq.

Nazir müavininin sözlərinə görə, investisiyaların təşviqi məqsədilə hə-yata keçirilən tədbirlər qeyri-neft sektorunun, demək olar ki, bütün sahələrini əhatə edir. "Azərbaycan üçün təkcə ənənəvi olan sferalar deyil, yeniləri də nəzərə alınıb. Qeyd etmək istəyirəm ki, investisiya sahələri və inzibati ərazi vahidlərinə ayrılan minimal məbləğin müəyyən edilməsi ilə bağlı olduqca mühüm qiymətləndirmə işləri aparılıb. İnvestisiyaların məbləği potensial, mövcud iqtisadi vəziyyət, məşğulluq səviyyəsi və digər aspektlər nəzərə alınmaqla ayrılıb və hər bir regionun iqtisadi fəaliyyət sferalarına uyğun olaraq müəyyənləşdirilib", - o, bildirib. Bundan başqa, İqtisadiyyat Nazirliyi ixracyönlü məhsulların buraxılmasına yönəlmiş müəssisələrə kreditlərin verilməsi zamanı güzəştlər üzrə əlavə təkliflər hazırlayıb, habelə investisiyaların minimal limiti üzrə ölkənin 5 regiona bölünməsini nəzərdə tutan investisiya yatırımının yeni mexanizmi çərçivəsində, sahibkarlardan ərizə qəbulu artıq başlanıb. Analoji işlə - sahibkarlıq və investisya fəaliyyəti üzrə təkliflərin irəli sürülməsi ilə - xüsusən, Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi olmaqla, digər dövlət strukturları da fəal məşğul olur. Öz növbəsində, bu prosesə qoşulan sahibkarlar özləri də ölkədə işgüzar mühiti necə yaxşılaşdırmaqla bağlı ideyalarını irəli sürürlər. Lakin bu təkliflərin heç də hamısını, artıq yuxarıda qeyd edildiyi kimi, obyektiv və birmənalı adlandırmaq olmaz. 

 

"Yazıq" supermarketlərdən danışın

Yuxarıda qeyd edilənlərin fonunda daha səs-küylü hadisə bir sıra supermarketlərin ("Bizim Market", "FRESCO", "SƏBƏT", "Makromart", "ARAZ", "Neptun", "Bolmart") sahiblərinin ölkədə istehsal edilən 

sosial əhəmiyyətli gündəlik tələbat mallarının - ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidalarına sıfır ƏDV tətbiqi ilə bağlı İqtisadiyyat naziri Şahin Mustafayevə müraciətləri oldu. Eyni zamanda, ölkənin iri supermarket şəbəkələrinin rəhbərləri onların təkliflərinin qəbul olunmamasının hökumət tərəfindən necə nəticələnə biləcəklərinə dair sanki eyham vururlar. İqtisadiyyat idarəsinə ünvanlanmış məktubda, əsasən, qeyd edilib ki, manat "üzən məzənnə" rejiminə keçdikdən sonra, məhsulların qiymətini qaldırmadan işçilərin ştat sayını və mənfəəti əvvəlki həddə saxlamaq mümkün deyil. Maliyyə problemləri işçilərin ixtisar olunmasına və marketlərin bağlanmasına səbəb olur. Onların fikrincə, problemin həlli üçün pərakəndə satış sahəsində vergi yükünü azaltmaq və ya vergi güzəştləri tətbiq etmək məqsədyönlü olardı. Nazirliyin reaksiyası özünü çox gözlətməyib: İqtisadiyyat naziri Şahin Mustafayev şikayətçiləri qəbul edib və onların xahişlərinə baxacağına söz verib, Vergilər Nazirliyi isə həmin supermarketlərə xronometrajlı yoxlamalar yollayıb. 

Bununla belə, bu halda fiskal orqanların ünvanlarına ittihamlar yağdırmağa dəyməz - xronometraj, kobud desək, ticarət dövriyyəsinin real həcminin ancaq fiksasiyasıdır. Lakin ticarətçilərin iddialarını vergi orqanlarının nümayəndələri, yumşaq desək, tamamilə təəccüblə qarşılayıblar. Belə ki, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Baş İdarəsinin şöbə rəisi Elşən Hüseynovun sözlərinə görə, sonuncu statistik məlumatlar təsdiq edir ki, ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar vergi tədbirlərinin nəzarətinin azalmasından istifadə edərək, dövlət büdcəsinə vergi ödənişlərini azaldır və vergi ödənişindən yayınmağa çalışırlar: "Bu yaxınlarda iri ticarət şəbəkələrinin birində monitorinq nəticəsində vergi ödə-yicisinin təqdim etdiyi bəyannamələrdə öz dövriyyəsini fevral ayında 6 dəfədən də çox azaltdığı, mart ayında isə ümumiyyətlə, dövriyyə göstərmədiyi aşkar edilib. Mart ayında Novruz Bayramı ilə əlaqədar ticarət müəssisələrinin dövriyyəsinin artdığını nəzərə alsaq, necə deyərlər: şərhə ehtiyac qalmır! 

Qəribə olsa da, adətən, vergi orqanlarına məmnuniyyətlə etiraz edən və vergi yükünün azalmasına səsləyən iqtisadçı-ekspertlərin böyük əksəriyyəti bu dəfə onların iradlarını dəstəklədi. Həqiqətən də görünən odur ki, pərakəndə ticarətin iri obyektlərinin biznesi, ən azından, Bakıda olduqca uğurla irəliləyir. Bəli, bütün, demək olar ki, idxal edilən və yerli məhsulların qiymətləri qalxıb. Bəli, manatın dəyərdən düşməsi əhalinin alıcılıq qabiliyyətinə təsir edib. Lakin hazırda nəzərə almaq lazımdır ki, söhbət ölkənin bütün iqtisadiyyatına toxunan proseslərdən gedir. Daha doğrusu, iqtisadiyyatın artımı azalırsa, dövlətin gəlirləri xeyli azalırsa, təbii ki, bu, ölkənin iqtisadi həyatının bütün iştirakçılarına təsir edə bilər. Belə olan təqdirdə, heç bir əlavə tədbir görmədən, biznesin əvvəlkitək mənfəətli olacağını gözləmək, ən azından, məntiqsizdir.

Belə ki, böhran menecmenti və sahibkarlığın maliyyələşdirilməsi sahəsində ekspert Fərhad Hacınski hesab edir ki, Azərbaycanda hazırkı şərtlərdə supermarket şəbəkələri öz xərclərini optimallaşdırmalı və satış siyasətini nəzərdən keçirməlidir. "Supermarket sahiblərinin özlərinin fikrincə, bu problem malların ancaq ayrı-ayrı mövqelərinə aiddir və ticarət dövriyyəsinin, təxminən, 30%-ni təşkil edir. Supermarketlərin qiymətləri artırmadıqları ilə bağlı bəyanatlara da düzəliş etmək lazımdır. Bu iddia, daha çox, ilkin tələbat mallarına tətbiq edilib. Lakin heç də razı deyiləm ki, supermarketlərin məhsullarının bütün çeşidlərinin qiymətləri 2015-ci ilin 21 dekabr tarixinə qədər olduğu kimi qalıb, yəni devalvasiya və manatın məzənnəsinin "üzən rejim"ə keçməsinə qədər. Bu, o deməkdir ki, itkiləri dövriyyənin qalan 70%-i hesabına tam və ya qismən kompensasiya etmək üçün nəzəri cəhətdən potensial imkan var. Həmçinin müxtəlif supermarketlərdə fərqli şəkildə strukturlaşan xərcləri optimallaşdırmaq lazımdır. Sadəcə, əlaqələri mənbələrə diqqət yetirmək və  onları azad etmək lazımdır", - Hacınski bildirib. 

"Tədarükçülər qiyməti aşağı salmırlar, çünki onların kiçik mağazalar şəklində alternativləri var - belə iddialar zəif arqumentdir. Əminəm ki, supermarket sahiblərinin tədarükçülərə qarşı birgə addımları mütləq ciddi nəticə verərdi və tədarükçülər də kompromisə getməyə məcbur olacaqlar", - ekspert əlavə edir. 

İqtisadçı Samir Əliyevin fikrincə, problem ondadır ki, əvvəllər supermarketlər dövriyyənin həcminin reallıqdan dəfələrlə az olduğunu qeyd edərək, vergidən yayına bilirdilər. İndi isə ƏDV və ya 6% dərəcəsi ilə sadələşdirilmiş vergi rejimini seçməlidirlər. Eyni zamanda, fiskal orqanları tərəfindən ciddi nəzarət aparılır. Daha doğrusu, əslində, onlar gəlirlərinin və dövriyyələrinin bütün məbləğini açmalı və real vergiləri ödəməli olurlar. Vergilər Nazirliyinin qeyd etdiyi kimi, fiskal orqan ƏDV-nin differensiallaşmasına getməyə razıdır, amma bu, nağdsız hesablaşmaların inkişafına təkan vermək məqsədilə onlara şamil edilir. Qalan bütün hallarda bu, məqsədyönlü deyil və dövlət büdcəsinin gəlirlərinə ciddi təsir edə bilər - dövlət büdcəsinə vergi ödənişlərinin, təxminən, 30%-i məhz ƏDV hesabına yaranır.

Bir sözlə, təkrarlayaq: bu halda supermarketlərin iddiaları, ən azından, əsassız görünür. Onların ətrafında yaradılmış ajiotajın, ölkənin biznes dairələrinin digər, daha dəyərli təkliflərinin ikinci plana keçməyəcəyinə ümid etmək qalır.

loader