200 manatlıq əskinasların dövriyyəyə buraxılması nə üçün lazımdır? – RƏY

Dünən Azərbaycan Mərkəzi Bankı 200 manatlıq əskinasların dövriyyəyə buraxılması ilə bağlı təqdimat keçirib.

Mərkəzi Bankı sədri Elman Rüstəmov qeyd edib ki, milli valyuta dövlət müstəqilliyimizin əsas atributlarından biridir.

Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. İlk vaxtlar manat sovet rublu ilə paralel olaraq istifadə olunub. Ümummilli lider Heydər Əliyevin qərarı ilə 11 dekabr 1993-cü ildə manat qanuni olaraq Azərbaycanda pul vahidi olur. Manatın statusu Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş Konstitusiyası ilə də təsdiq edilib.  

Xatırladaq ki, 2006-cı ilin 1 yanvarından etibarən manatın 5000:1-ə nisbətində denominasiyası tətbiq olunub.

Daha əvvəl buraxılmış pullar 2007-ci ilin yanvarın 1-dək qüvvədə olub.

Yeni manat 6 sikkə və 7 əskinas formasında təqdim edilib:

Sikkələr: 1, 3, 5, 10, 20, 50 qəpik

Əskinaslar: 1, 5, 10, 20, 50, 100, 200 manat

Və 2018-ci ilin mayından etibarən 200 manatlıq əskinaslar da bu sıraya daxil edildi.

“Ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də, nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədilə yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib”, – deyə E.Rüstəmov bildirib.

Elman Rüstəmovun sözlərinə görə, 2003-cü ildən milli iqtisadiyyat 3,3 dəfə inkişaf edib, yoxsulluğun səviyyəsi 9 dəfə azalıb.

Ölkənin strateji valyuta ehtiyatları 27 dəfə artaraq 44 milyard dollar təşkil edib.

“Azərbaycan Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən MDB məkanında ən rəqabətədavamlı ölkədir. 2018-ci ilin aprelində İlham Əliyevin prezident seçkilərində uğurlu qələbəsi xalqın ona inamını bir daha təsdiqlədi”, – deyə Elman Rüstəmov sözlərinə əlavə edib.

Yeni əskinaslar nə üçün lazımdır?

İqtisadçı-ekspertlərin Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını ilə bağlı fikirləri müxtəlif olub.

1news.az-a açıqlama verən maliyyə analitiki Cəlal Nağıyev bildirib ki, Mərkəzi Bank pul kütləsilə bağlı vəziyyəti nəzarətdə saxlayır:

“İri dəyərli əskinasların dövriyyəyə buraxılması manatın dəyərdən düşməsi və inflasiyaya səbəb olmayacaq. 200 manatlıq əskinaslar iri kassa əməliyyatları, eləcə də vəsaitlərin toplanması (depozit) üçün istifadə ediləcək.

Digər iqtisadçı-ekspert Fuad Əlizadə də onun nəzər-nöqtəsini bölüşərək qeyd edib:

“200 manatlıq əskinasların dövriyyəyə buraxılması Mərkəzi Bankın Azərbaycanda pul siyasətinin tətbiqilə bağlı texniki qərarıdır. Bu, Azərbaycan manatının ödəmə qabiliyyətinin zəifləməsi demək deyil. Əksinə, nağd pul kütləsinin mükəmməlləşməsidir”.

Digər iqtisadçı-ekspert Vüqar Bayramov 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasında müsbət və mənfi məqamları açıqlayıb:

“Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayisədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir”.

Ekspert hesab edir ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:

“Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək.

Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”.

loader